Damar Genişlənməsi

Bəzən gərgin keçən iş gününün sonunda ayaqlarda şişkinlik, ağırlıq və yorğunluq kimi şikayətlərimiz baş qaldıra bilər. Bu varikoz genişlənmiş damarlarla yanaşı digər bir sıra xəstəliklərin (ürək çatışmazlığı və böyrəyin bir çox xəstəliklərinin, habelə limfatik sistem xəstəlikləri) əlaməti də ola bilər.

Bu səbəbdən varikoz genişlənmiş damarları sadalanan xəstəliklərdən fərqləndirmək üçün bir neçə əlamətə xüsusi diqqət etməliyik.

Şişkinlik bir ayaqda və ya hər iki ayaqda lokallaşa bilən aşağı ətrafların varikoz genişlənmiş damarları daha çox günortadan sonra şişkinlik görünüşü ilə xarakterizə olunur. Genişlənmiş damarların şişkinliyi tez-tez dizdən aşağı və xüsusilə topuq nahiyəsində əmələ gəlir. Müayinə zamanı, həmçinin, varikoz damarların dəri səthində görünən göyərmə kimi digər simptomlarını da təyin etmək lazımdır.

Çox zaman insanlar ayaqlarında axşam saatlarında baş verən yorğunluq və ağırlıq hissini iş gününün sonunda normal bir hal kimi qəbul edirlər. Əslində isə bu əhəmiyyətli simptomlar varikozun ilk göstəriciləridir və varikoz damarların inkişafından bəhs edir.

Doğrudur ayaqlarda yorğunluq və ağırlıq əzələ-skelet sisteminin müxtəlif xəstəliklərində, eləcə də limfa çıxmasının pozulmasında da müşahidə edilə bilər. Lakin varikoz genişlənmiş damarlarla saydığımız patologiyaların əsas fərqi ondadır ki, bu zaman üfüqi vəziyyətdə şişkinlik və yorğunluq əhəmiyyətli dərəcədə azalır.

Varikoz ayaqda göyərmə, “damar çıxması” dediyimiz damar toru, aşağı ətraflarda ağrı və ağrılıq hissi ilə özünü büruzə verir. Belə ki, genişlənmiş damarlarda qan durğunlaşır və həmin damarların keçiriciliyi artır. Nəticədə qan ətraf toxumalara sızır, dəridə göyərmələr yaranır.
 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə