Epilepsiya Cərrahiyyəsi

Epilepsiya Cərrahiyyəsi

Epilepsiya Nədir?

Yüzdə 0,5-1 tezliyi ilə müşahidə edilən və xalq arasında “qara xəstəlik” olaraq tanınan epilepsiya; beynin bir hissəsindəki hüceyrələr anormal elektrik siqnalları istehsal etdikdə baş verən epileptik tutmalar xroniki hal aldıqda baş verən bir xəstəlikdir.
 

Epilepsiya Xəstəliyinə Kimlərdə Rast gəlinir?

Epilepsiya doğuş zamanı və ya doğuşdan sonra hər hansı səbəbdən beyin zədələnən insanlarda yaranır. Birdən baş verən epileptik tutmalar beynin bütün və ya müəyyən hissəsinə yayılır.
 

Epileptik Tutmaların Növləri Hansılardır?

Epileptik tutmaların növləri beynin hansı nahiyəsindən başlamasına görə fərqlənir. Bəzi epileptik tutmalarda şüur itkisi və nəzarətsiz bədən hərəkətləri olur, bəzi tutmalarda isə əlamətlər qeyri-müəyyən hiss olunur. 30 saniyədən 2 dəqiqəyə qədər davam edən tutmalar 5 dəqiqədən çox davam edərsə, dərhal həkimə müraciət edin. Bəzi epileptik tutmalar; uyuşma, yöndəmsiz davranış, qəribə dad və qoxular, zaman və məkan duyğusunun pozulması, az danışma və çox yavaş hərəkət etmə kimi də müşahidə edilə bilər.

Epileptik Tutmaların Çeşidləri Hansılardır?

 1) Sadə Hissəvi Tutma

Sadə hissəvi tutmalarda şüur açıq olur. Tutma simptomları tutmanın baş verdiyi beyin nahiyəsindən asılı olaraq dəyişir:
Temporal lobdan yaranan tutmalar; qəfil qorxu, əvvəllər olmuş bir hadisəni olmamış kimi hiss etmək və ya olmamış bir hadisəni olmuş kimi hiss etmək, pis qoxular və dadlar hiss etmək, eləcə də xoşagəlməz daxili hisslə özünü göstərir. Frontal lobdan yaranan tutmalarda hərəkət problemləri müşahidə olunur. Parietal lobdan yaranan tutmalarda müvəqqəti yuxululuq əlamətləri, oksipital lobdan yaranan tutmalarda isə görmə sahəsinin yarısına təsir edən yanıb-sönən işıqlar və müxtəlif rəngləri görmə əlamətləri müşahidə edilir.

2) Kompleks Hissəvi Tutma

Sadə hissəvi tutma ilə yanaşı, xəstənin şüuruna da təsiri var. Çeynəmə, yalama, udma və bir şey axtarırmış kimi çaşqın halda baxma vəziyyəti ola bilər. Bəzən xəstə paltarlarını dartıb ətrafda gəzə bilər. Bir neçə dəqiqə, hətta bir neçə saat sonra özünə gələndə heç nə xatırlamaya bilər.

3) Ümumiləşdirilmiş Tutma 

Bütün beyinə yayılan ümumiləşdirilmiş tutmalar xalq arasında epileptik tutmalar kimi də tanınır. İnsanın bədəni sərtləşib yerə yıxıldıqdan sonra bütün bədən əzələlərində yığılma və boşalmalar olur. Şiddətli hərəkətlər insanın nəzarəti xaricində baş verir. Bundan əlavə absans və ya "petit mal" adlanan bəzi ümumiləşdirilmiş tutmalarda bədəndə heç bir hərəkət və ya yığılma olmasa da, insan huşunu itirir.

Epilepsiya Əlamətləri Nələrdir? 

Epilepsiya beynin disfunksiyası olduğundan, simptomlar beynin təsirlənmiş nahiyəsinin funksiyasından asılı olaraq fərqlənə bilər. 

•Bədəndə ani sancılar
•Qollarda və ayaqlarda nəzarət edilə bilməyən hərəkətlər
•Şüur itkisi
•Davamlı şəkildə baş sallama hərəkəti
•Qısa müddətdə səslərə və ya danışıqlara reaksiya verə bilməmə
•Sabit bir nöqtəyə baxmaq
•Sürətli göz qırpmaq
•Qorxu, həyəcan və ya dejavü (o anı daha əvvəl yaşamış kimi hiss etmə) kimi psixoloji simptomlar.
 

Epileptik Tutmadan Əvvəl Əlamətlər Hansılardır?

Tutma beynin kiçik bir yerində başlayırsa, tutmanın başlanğıcında şəxs bəzi simptomlarla qarşılaşa bilər. Buna "aura" deyilir. Bu simptomlar beynin hansı sahəsinin anormal elektrik fəaliyyəti ilə əlaqəli olduğunu göstərir.

•Uyuşma
•Görmə və ya eşitmə dəyişikliyi
•Xoş olmayan qoxular hiss etmə
•Ürəkbulanma və ya mədədə təzyiq hissi
•Ani qorxu hissi
 

Epilepsiya Xəstəliyinin Səbəbi Nədir?

Epilepsiya bir çox səbəbi ola bilən və hər yaşda baş verə bilən bir xəstəlikdir. Adətən uşaqlıqda başlayır. Beyinə təsir edən hər hansı bir xəstəlik epileptik tutmalara səbəb ola bilər.

•Ana qarnında keçirilən infeksiyalar
•Doğuş zamanı körpənin oksigensiz qalması
•Kəllə-beyin travması
•Genetik və metabolik xəstəliklər
•Şişlər
•Proqressiv beyin malformasiyaları
•Meningit kimi beyin infeksiyaları epilepsiyaya səbəb ola bilər.

Epilepsiya Diaqnozu Necə Qoyulur?

Epilepsiya xəstəliyi diaqnozunun qoyulması üçün şəxsin ən azı iki tutması olmalıdır. Beyin travmaları, şişlər və s. beyində zədələnməyə səbəb olacaq hallar bu xəstəliyə səbəb ola bilər. Xəstəlikdə genetik faktorlar da rol oynayır.

Epilepsiya Dərman Müalicəsi ilə Dayandırıla bilər

Epilepsiya xəstəsi olan insanların əksəriyyəti antiepileptik adlanan epilepsiya dərmanları ilə müalicə edilə bilər. Dərmanlar tutmaları dayandırmaq üçün nəzərdə tutulub. Buna görə dərmanların müntəzəm istifadəsi vacibdir. Dərman terapiyası xəstələrin əksəriyyətində təsirli olsa da, bəzi xəstələrdə gözlənilən effekti təmin etməyə bilər. Bu xəstələrdə epilepsiyaya səbəb olan əsas vəziyyətə görə cərrahi müalicələr tətbiq oluna bilər.

Epilepsiya Müalicəsi Necə Həyata keçirilir?

Liv Bona Dea Hospital Epilepsiya Klinikası hər bir xəstə üçün fərdi müalicə təklif edir. Liv Bona Dea Hospital Epilepsiya Klinikasında nevroloqlar (epileptoloqlar), görüntüləmə mütəxəssisləri (radioloqlar), neyropsixoloqlar və psixiatrlar, nüvə təbabəti mütəxəssisləri və mövzu üzrə ixtisaslaşmış neyrocərrahlar xəstəni birlikdə dəyərləndirir. Nəticədə xəstəyə ən uyğun müalicə təyin edilir. Müalicəyə müqavimətli hallarda cərrahi müalicəni və qabaqcıl müalicə üsullarını dəyərləndirmək üçün komanda işi aparılır.

Epilepsiya Əməliyyatı İki Növ Metodla İcra edilir

●    Rezektiv cərrahiyyə: Beyindəki epilepsiya ocağı aydın şəkildə müəyyən etmək olarsa, bu ocaq əməliyyatla çıxarılır. Temporal lobektomiya (amiqdalohippokampektomiya) ən çox tətbiq edilən və ən uğurlu nəticə verən üsuldur. Uyğun xəstələrdə epilepsiyadan sağ qalma ehtimalı 80%-ə çatır, fəsadların yaranma ehtimalı isə 1%-ə yaxındır.

●    Funksional cərrahiyyə və ya palliativ cərrahiyyə: Bunlar beyni və beyinə gedən sinirləri stimullaşdırmaqla (batareyaların yerləşdirilməsi) və ya tutmaların yayılma yollarını kəsərək tutmaların yayılmasını, tezliyini və şiddətini azaltmağa yönəlmiş cərrahi üsullardır. Bunlardan biri də “vaqus sinir stimulyatoru” adlanan üsuldur. Sinə altına yerləşdirilən batareya vaqus sinirini müəyyən aralıqlarla stimullaşdırır və bu tutmaları azalda bilər. Bu müalicə üsulu ilə xəstələrdə əhəmiyyətli irəliləyiş əldə edilə bilər. 

Epilepsiya cərrahiyyəsində xəstənin tutmalarını mümkün qədər dayandırmaq və ya azaltmaq, bunu edərkən xəstədə əlavə nevroloji itkiyə (hər hansı bir əlilliyə) səbəb olmamaq və xəstənin həyat keyfiyyətini yüksəltmək hədəflənir.

Epilepsiya Xəstələri Nələrə Diqqət Etməlidir?

Nəzarət olunmayan tutmalar və onların həyatınıza təsirləri bəzən həddən artıq ağır ola bilər və ya depressiyaya səbəb ola bilər. Bundan əlavə, streslə mübarizə, spirtli içkilərin məhdudlaşdırılması və siqaretdən uzaq durmaq kimi sağlam həyat tərzi seçimlərini etməlisiniz.

•Dərmanlarınızı düzgün şəkildə qəbul edin.
•Kifayət qədər yatmaq da vacibdir. Yuxu çatışmazlığı tutmanı stimullaşdıra bilər.
•Məşq etmək, fiziki olaraq sağlam qalmağınıza və depressiyanın azalmasına kömək edə bilər.
•Həddindən artıq spirtli içki istehlakından çəkinin.
•Nikotin istifadəsindən çəkinin.
 
Epilepsiya Tutması Keçirən Xəstəyə Nə Tətbiq edilir?
Epilepsiya tutması keçirən şəxsin dilini dişləməməsi üçün ağzına sərt əşya qoymaq düzgün deyil. Sərt əşya xəstənin dişlərini qıra və ya boğazını tıxayaraq nəfəs almasına mane ola bilər. Buna görə də epilepsiya tutması zamanı xəstəni böyrü üstə yatırmaq lazımdır. Bu sayədə tutma zamanı tüpürcək və ya qusma olarsa xəstənin boğazına getməsinin qarşısı alınır. Başını vurmaması üçün altına yastıq/dəstək qoyulmalı, ətrafındakı zərərli əşyalar götürülməli və eynəkləri çıxarılmalıdır. Bundan əlavə, insanın ətrafı boşaldılaraq rahat nəfəs alması təmin edilməlidir.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə