Uroginekologiya

Uroginekologiya

Sidik qaçırma nədir?

Sidik qaçırma, bir çox qadında zaman zaman müəyyən miqdarda baş verə bilən haldır. Fiziki fəaliyyət, öskürmə, gülmə, asqırma kimi hallarda baş verməklə yanaşı ani sidiyə çıxma hissi ilə tualetə çata bilməmə formasında da görülə bilər. Bu vəziyyət sosial problemə çevriləcək qədər tez-tez və böyük miqdarda baş verdikdə tibbi yardım tələb edir. Şiddətli səviyyədə sidik qaçırma hər 10 qadından birində rast gəlinən problemdir. Bu problemlə üzləşən qadınların təxminən yarısı həkimə müraciət etməkdən çəkinir və həyat tərzlərini buna uyğun tənzimləyərək problemin öhdəsindən gəlməyə çalışır. Digərləri bunun yaşın irəliləməsi ilə gələn normal bir vəziyyət olduğunu düşünür.Halbuki sidik qaçırma əksərən uğurla müalicə edilə bilən haldır.

Sidik qaçırmanın növləri hansılardır?

Sidik qaçırma xəstənin mövcud şikayətinə əsasən 7 növə bölünür:

●    Stress tipi sidik qaçırma: Gəzinti, qaçış, ağır qaldırma kimi fiziki fəaliyyətlər zamanı və ya öskürərkən, gülərkən, asqırarkən meydana gələn az miqdarda sidik qaçırma halıdır. Gənc qadınlarda ən çox rast gəlinən sidik qaçırma növüdür.
●    Ani sidiyə getmə hissi: Yuxu da daxil olmaqla gözlənilməz vaxtlarda ani sidiyə çıxma hissi ilə birlikdə tualetə çata bilməmək formasında özünü büruzə verən çox miqdarda sidik qaçırmadır. Həddindən artıq aktiv sidik kisəsi də adlandırılan bu vəziyyət daha çox irəli yaşlarda müşahidə olunur.
●    Qarışıq tip sidik qaçırma: Stess tip və ani sidiyə getmə hissinin birlikdə görülməsidir.
●    Funksional sidik qaçırma: Oynaq xəstəlikləri, iflic, sinir sistemi xəstəlikləri kimi insanın tualetə vaxtında çatmasına mane olan fiziki məhdudiyyətlər səbəbiylə meydana gələn növdür.
●    Daşma tip sidik qaçırma: Sidik kisəsinin dolu olması səbəbindən gözlənilməz vaxtda az miqdarda sidik qaçırma kimi xarakterizə edilir.
●    Keçici sidik qaçırma: Bu, müvəqqəti vəziyyət (məsələn, sidik yollarının infeksiyası, müəyyən dərmanların istifadəsi) səbəbilə arabir baş verən sidik qaçırma halına verilən addır.
●    Davamlı sidik qaçırma: Bu, tez-tez sidik yollarının bir hissəsi ilə vagina arasında əmələ gələn anormal açıqlıq (fistula) səbəbilə yaranan davamlı sidik qaçırmadır.

Sidik Qaçırmanın Səbəbləri Hansılardır?

●    Piylənmə
●    Yaşlanma / Menopauza
●    Birdən çox doğuş etmək
●    Xroniki öskürək müşahidə olunan ağciyər xəstəliyi / Şəkərli diabet
●    Sidik kisəsi boyun qısalığı (3,5-4 sm)
●    Sidikqovucu dərmanların istifadəsi
●    Çay və qazlı içkilər
●    Müqavimətli sidik yolu infeksiyaları

Körpənin başı doğuş kanalına yerləşmədən əvvəl qeysəriyyə əməliyyatı edilməsi sidik qaçırma riskini azaldır. Ancaq 3 və ya daha çox qeysəriyyə əməliyyatı keçirmişlər üçün risk normal doğuşla oxşardır.

Sidik qaçırma diaqnozu necə qoyulur?

Müalicənin cərrahi və ya tibbi olması ilə bağlı qərar vermək üçün ilk növbədə sidik qaçırmanın növünü müəyyən etmək vacibdir. Şikayətin başlanğıcı və gedişatı sorğulanmalıdır. Xüsusilə, intensivləşdirən (cinsi əlaqə, menstruasiya tsiklinin ikinci fazası) və ya yavaşlatan (hormon müalicəsindən istifadə, ağrıkəsici və ya mərkəzi sinir sisteminə təsir edən dərmanların istifadəsi) səbəblər öyrənilməlidir. Bundan əlavə, təcili sidiyə çıxma hissinin qəfildən yaranması, öskürərkən və ya gülərkən sidik qaçırma, tez-tez sidiyə getmə və ya gecə sidiyə çıxma hissi kimi mühüm detallar araşdırılmalıdır. Əvvəlcə ətraflı sistematik müayinə aparılmalıdır. Xəstə nevroloji, endokrin, metabolik və psixoloji problemlər baxımından araşdırılmalıdır. Sonra reproduktiv sistem müayinəsində şikayətlə əlaqəli ola biləcək mioma və yumurtalıq kistləri kimi hallar araşdırılmalıdır. Reproduktiv sistem müayinəsinin bir hissəsi kimi uroginekoloji müayinə aparılmalı və sidik qaçırmanın növünün müəyyən edilməsinə çalışılmalıdır. Xarici cinsiyyət üzvlərinin müayinəsi zamanı dəridə ödem, qızartı, zədələnmələr sidik qaçırma əlaməti sayıla bilər. Vaginal müayinədə bütün vaginal divarlar yoxlanmalıdır. Bu zaman xəstə gücəndirilərək vaginanın ön, orta və arxa hissələri bir-bir nəzərdən keçirilir. Bu nahiyələrdə əzələ və birləşdirici toxumanın zəifləməsi sidik kisəsi, uşaqlıq, anus kimi orqanların vagina daxilinə tərəf yırtıqlaşması ilə nəticələnir.

Vaginal müayinəyə əlavə edilən anus müayinəsi ilə bağırsaq və anus herniasiyası fərqləndirilir. Sidik qaçırma müayinəsi gücənmə manevri ilə eyni anda təxminən 300cc dolu sidik kisəsi ilə xəstənin sidik qaçırdığını bildirdiyi pozisiyada (oturaraq və ya yeriyərkən) aparılır. Çünki sidik qaçırma şikayəti olan bəzi xəstələrdə ginekoloji müayinə pozisiyasında sidik qaçırma olmaya bilər. İlk olaraq xəstəyə stress testi tətbiq edilir. Sidik kisəsi dolu olduqda, xəstə müayinə pozisiyasında və ya ayaq üstə öskürdülür. Sidik sızmasının olub olmadığı yoxlanır. Xəstədə sidik sızması müşahidə edilərsə, stress testin müsbət olduğu deyilir. Stress test təklikdə hər hansı bir sidik qaçırma növünü müəyyənləşdirmək üçün diaqnostik deyil. Bununla belə, xəstənin sidik qaçırdığını göstərən obyektiv testdir. Testin davamı olaraq uretranın (sidik kisəsi girişi) hər iki tərəfindəki toxumanı iki barmaqla və ya bir alətin köməyi ilə sümüyə tərəf qaldıraraq stress testi təkrarlanır. Əgər bu manevrdən sonra xəstədə sidik qaçırma olmazsa, əməliyyatdan xəstənin fayda görəcəyi düşünülür. Buna Boney-Marchetti testi deyilir. Ancaq etibarlı bir test deyil. Çünki prosedur zamanı uretraya təzyiq tətbiq edilir. Sonra Q-tip testi tətbiq edilir. Pambıq uclu çubuq uretradan sidik kisəsinə itələnir. Xəstəyə gücənmə göstərişi verilir. Çubuğun üfüqi müstəvidə gücənmə zamanı əmələ gətirdiyi bucaq >35° olarsa, sidik kisəsi boynunun anatomik dəstəyinin azaldığı hesab edilir. Sabit, yaxşı dəstəklənən sidik kisəsi boynu (<35°) olan bir xəstədə stress tip sidik qaçırma problemi varsa, bu xəstənin əməliyyatdan fayda əldə etmə şansı azdır.

Sidik Qaçırma Testi Nədir?

Diaqnostik testlər aşağıdakılardır;

●    Tam sidik analizi və sidik kulturası (əkilməsi): Sidik qaçırmanın qiymətləndirilməsində əsas analizlər tam sidik analizi və sidik əkilməsidir.
●    Qanın biokimyası: Aclıq qan şəkəri, kalsium, urea, kreatinin, SGOT, SGPT, HDL, LDL, VLDL, ümumi xolesterin və lipid səviyyələri yoxlanılmalıdır. Xüsusilə, hiperlipidemiya, damar sərtliyi və şəkərli diabet nevral sidik qaçırmaya səbəb ola bilər.
●    Bez testi: Obyektiv testlərdən biridir. Çəkisi əvvəlcədən təyin olunan bez xəstəyə verilir və ağızdan kifayət qədər maye qəbul etdikdən sonra xəstədən 1 saatlıq test müddətində öskürmək, pilləkənlərə qalxmaq, oturmaq kimi qarındaxili təzyiqi artıran hərəkətlər etməsi istənilir. Vaxtın sonunda bez yenidən ölçülür; Fərq, qaçan sidik miqdarıdır. 2 qr-dan az normal, 2-10 qr arası yüngül, 10-50 qr orta, 50 qr-dan çox isə ağır sidik qaçırma kimi qiymətləndirilir.
●    Sidiyə çıxdıqdan sonra sidik kisəsində qalan sidiyin ölçülməsi: Sidiyə çıxdıqdan sonra sidik kisəsində qalan sidiyin 50-100 ml-ə qədər olması normal sayılır. 200 ml-dən çox olması anormal hesab edilməli və araşdırılmalıdır.
●    Sidiyə çıxma gündəliyi: Xəstədən müəyyən müddət üçün sidiyə çıxma vaxtını, həcmini, qəbul edilən maye miqdarını və fiziki fəaliyyətlərini qeyd etməsi istənilir. Beləliklə, xəstənin sidiyə çıxma sxemi müəyyən edilir. Sidiyə çıxma gündəliyi 7 günə qədər tutula bilər, lakin 3 günlük qeyd çox vaxt kifayətdir.
●    Ultrasonoqrafiya: Sidik kisəsi boynu hərəkətliliyi qiymətləndirilir.
●    Urodinamik testlər: Urodinamika; Sidik kisəsinin patoloji və ya fizioloji vəziyyətini təyin etməyə xidmət edir. Bütün hallarda bu testlərin istifadəsi mübahisəlidir. Ancaq təkrarlanan sidik qaçırma hallarında, ani sidiyə çıxma hissi olan, lakin əhəmiyyətli sallanması olmayanlarda və sidiyə çıxdıqdan sonra qalıq sidiyin çox olduğu hallarda mütləq edilməlidir.
●    Sistoskopiya: Sidik kisəsi optik cihazla qiymətləndirilir.

Sidik Qaçırma Müalicəsi Necə Olur?

Aşağı intensivlikli müalicələrdən (həyat tərzi dəyişiklikləri, dərman müalicəsi kimi) yüksək intensivlikli müalicələrə (çanaqdibi əzələlərinin məşqi, biofeedback-geri bildiriş metodu, cərrahiyyə) qədər geniş müalicə spektri mövcuddur. Unudulmamalıdır ki, sidik qaçırma xəstəlik halıdır və heç bir müalicə edilməzsə, 6% nisbətində öz-özünə sağala bilir. Bu müalicə spektrində ən effektiv üsul cərrahi üsullardır. Ancaq digər müalicə üsullarının dəyərini kiçiltməmək lazımdır, düzgün diaqnoz qoyulan hallarda nəticələrin çox uğurlu olacağını bilmək lazımdır.

Həyat Tərzi Dəyişiklikləri

●    Piylənməsi olan xəstələrin çəki itirməsi
●    Qəbizlikdən yayınmaq
●    Sidik qaçırmağa səbəb olan ağır işlərdən çəkinmək
●    Çay, qəhvə, kola kimi içkilərin istehlakını azaltmaq
●    Xroniki öskürəyə səbəb olan xəstəlikləri müalicə etdirmək
●    Siqareti tərgitmək kimi tədbirlər şikayətləri azalda bilər.

Tibbi Müalicə Alternativləri

●    Sidik qaçımanın tibbi müalicəsində sidik kisəsinin saxlama funksiyasınının asanlaşdırılması hədəflənir. Bunu etməyin 3 yolu var:
●    Sidik kisəsi əzələrinin yığılıb açılmasının azaldılması
●    Hisslərin ötürülməsini azaldaraq sidik kisəsi tutumunun artırılması
●    Çıxış müqavimətinin artırılması

Dərmanlara görə görülə bilən əks təsirlərdən ən çox rastlanılanı ağız quruluğudur. Bundan əlavə, yuxululuq, diqqət azlığı, qəbizlik, ürəkbulanma və ya bulanıq görmə də ortaya çıxa bilər. Bunlar adətən iki həftəlik dərman qəbulundan sonra yox olur.

Kegel məşqi: Arnold Kegel tərəfindən hazırlanmış çanaqdibi əzələləri üçün reabilitasiya proqramıdır. Məşq texnikası aşağıdakı kimidir;

●    Vagina girişinin 1 sm yuxarısında və qasıq sümüyü qolunun (çanaq sümüyünün ön üst tərəfi) tam altında şəhadət barmağı ilə pubokoksigeus əzələsi müəyyən edilir. 
●    Xəstədən bu əzələni yığıb açması istənilir. Doğru əzələnin yığılması çox vacibdir. Vaginaya daxil edilən barmağın ətrafında yığılıb açılmanı istəmək düzgün deyil. Çünki xəstə yanlış əzələlərdən istifadə edərək bu hissi təmin edə bilər. Yığılma prosesində qarına əl qoyularaq əzələlərin boş olduğu müəyyən edilməlidir.
●    Düzgün əzələnin yığılmasının qüvvətli əzələ yığılması məşqlərindən daha önəmli olduğu vurğulanmalıdır.

Xəstələr düzgün əzələnin yığılmasını öz barmaqları ilə yoxlayaraq öyrənə bilirlər. Əvvəlcə arxası üstə uzanmış vəziyyətdə edilən əzələ məşqləri sonra oturarkən və ayaq üstə olarkən edilməlidir. Xəstə daha sonra bu məşqləri ağır qaldırarkən və ya öskürərkən etməyə başlamalıdır. Çanaqdibi əzələləri məşqinin; bütün sidik qaçırma növlərində faydalı olduğu sübut edilmişdir. Xüsusilə stress tipli sidik qaçırmaları olan xəstələr 3 ay və ya daha uzun müddət məşq etdikdə müvəffəqiyyət çox aydın görünür. Hər nə qədər məşq hərəkətlərinin ‘düzgün’ sayı mübahisəli olsa da, gündə 40-80 dəfə ilə istənilən effektin əldə ediləcəyi düşünülür. Ümumiyyətlə, 'əzələləri formaya salmaq' üçün tələb olunan minimum müddət 15-20 həftədir. Sinir adaptasiyası ilk 6-8 həftədə baş verir. Mürəkkəb sidik qaçırma problemi olmayan xəstələrin böyük əksəriyyəti Kegel məşqlərindən fayda görürlər. Çanaqdibi məşqləri ilə birlikdə istifadə olunan köməkçi üsullar da var. Vaginal şamlar, geri bildiriş üsulları, elektrik stimulyasiyası, maqnit kreslo bunlardan bəziləridir. Vajina daxilinə yerləşdirilən halqalar (Pesserlər) və uretra tıxayan cihazlar (Femsoft) bu məqsədlə istifadə edilən üsullar arasındadır.

Cərrahi Üsul

Cərrahi əməliyyat; sidik qaçırmanın müalicəsində effektiv üsuldur. Ancaq ilk əməliyyatın düzgün üsulla aparılması həyati əhəmiyyət kəsb edir. Çünki bu, xəstənin proqnozuna birbaşa təsir edəcək. Əməliyyata qərar verərkən xəstənin yaşı, həyat tərzi, əvvəlki əməliyyatları və ümumi sağlamlığı nəzərə alınmalıdır. Son illərdə; Stress tip sidik qaçırmanın müalicəsində vaginal yolla 'sling üsulu' (İVS-TOT) tətbiq edilir və çox uğurlu nəticələr əldə edilir. Digər tərəfdən, uzun illərdir tətbiq edilən və abdominal yolla edilən Burch əməliyyatı da geniş şəkildə istifadə edilən müvəffəqiyyətli cərrahi üsuldur.

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə