Revmatoid Artrit

Revmatoid Artrit Nədir?

Revmatoid artrit (RA) adətən əllərin və ayaqların kiçik oynaqlarının (əl-bilək, MKF, PİF) tutulduğu xroniki iltihablı revmatik xəstəlikdir. RA cəmiyyətdə ən çox rast gəlinən (100-dən biri) revmatik xəstəliklərdən biridir. Qadınlarda daha çox rast gəlinir. Bununla belə, yaşlı kişi və qadınlarda rastgəlmə nisbəti bərabərdir.

Revmatoid Artrit Genetikdirmi?

Səbəbi bilinməsə də, bəzi ətraf mühit faktorlarının da təsiri ilə genetik meyllilik olan fərdlərdə immun sistemində tənzimləmənin pozulması nəticəsində meydana gəldiyi məlumdur. Müxtəlif bakterial və/və ya viral infeksiyalar xəstəliyi stimulə edən və hərəkətə gətirən amillər arasında ola bilər. Məlumdur ki, genetik meylliliyi olan şəxslərdə (ümumi epitopu olanlar) xəstəliyin yaranma riski daha yüksəkdir.

Revmatoid Artrit Əlamətləri Nələrdir?
RA xəstələrinin ən vacib şikayətlərinə aşağıdakı əlamətlər daxildir;
Oynaq ağrısı və şişkinlik
Bir saatdan artıq davam edən səhər tutqunluğu
Hərəkət məhdudiyyəti

Bununla bərabər aşağıdakı şikayətlər kimi idiosinkratik əlamətlər də mövcuddur;
Halsızlıq
İştahsızlıq
Tez yorulma

Xəstəlik ən çox əl və ayaqların kiçik oynaqlarına təsir etsə də, diz, dirsək, çiyin, qalça, ayaq biləyi oynaqları və boyun onurğası da təsirlənə bilər. Bununla belə, unutmaq olmaz ki; RA-da oynaqların tutulması aysberqin yalnız görünən hissəsidir.

Revmatoid Artritdə Hansı Orqanlar Tutulur?

RA sistemik bir xəstəlikdir və həyati təhlükəsi olan daxili orqan (ağciyər, ürək, göz) tutulması ilə də özünü göstərə bilər. Bəzi xəstələr isə daxili orqanların tutulmasını göstərən şikayətlərlə, oynaq tutulmaması ilə müraciət edir. Quru öskürək, gərginliklə gələn nəfəs darlığı ağciyərin tutulduğuna işarə etdiyi halda; sürətli ürək döyüntüsü və sinə ağrısı kimi şikayətlər ürəyin tutulmasını göstərə bilər. Bəzi xəstələrdə dərialtı düyünləri (RA düyünləri) və/və ya RA vaskulitini (damar iltihabı) düşündürən dəri səpgiləri və xoralar müşahidə oluna bilər.

Revmatoid Artrit Diaqnozu Necə Qoyulur?

Xəstənin anamnezi və fiziki (sistemik və dayaq-hərəkət sistemi) müayinə nəticələri Revmatoid artritin (RA) diaqnostikasında ən vacib amillərdəndir. Bundan əlavə, bəzi laboratoriya, seroloji və radioloji müayinələr də diaqnozun qoyulmasına kömək edir. Laboratoriya testlərində iltihabı göstərən dəyərlərdə (CRP və sedimentasiya sürəti) yüksəlmələr aşkar edilə bilər. Seroloji müayinələrdə revmatoid faktor və anti-CCP anticisimləri araşdırılır. Revmatoid faktor (RF) RA üçün spesifik olmayıb digər xəstəliklərdə də (xroniki infeksiyalar, brusellyoz, digər birləşdirici toxuma xəstəlikləri) pozitiv müəyyən edilə bilər. Bununla belə, anti-CCP anticisimləri RA üçün daha spesifikdir və xəstələrin 80-90 faizində müşahidə edilə bilər. Rentgenoloji müayinələrdə xəstəliyin səbəb olduğu sümük dəyişiklikləri, oynaqların daralması və zədələnməsini aşkar etmək üçün tez-tez əl və ayaq oynaqlarının rentgenoqrafiyası və/yaxud MR çəkilir. RA oynaq deformasiyası və əlilliyə səbəb ola bilən bir xəstəlikdir.

Revmatoid Artritin Müalicəsi Nədir?

Xüsusilə irəliləmiş mərhələdə olan və müalicə olunmayan xəstələrdə oynaq deformasiyaları inkişaf edə bilər. Bu, əlilliyə və xəstələrin həyat keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Buna görə də RA-da erkən diaqnoz və müalicə çox vacibdir. Erkən müalicə ilə xəstəliyin gedişatını dayandırmaq olar. Deformasiyaların inkişafının və həyati təhlükəsi olan orqan tutulmalarının qarşısını almaq mümkündür. RA-nın müalicəsində əsas dərmanlar istifadə olunur. Bu dərmanlar xəstənin ağrılarını və oynaq şikayətlərini nəzarət altına almaqla yanaşı, radioloji gedişatın qarşısını alır və həyat keyfiyyətini artırır.
 
Revmatoid Artrit Bioloji Dərmanlar ilə Müalicə Edilə bilər

Son illərdə RA müalicəsində yeni üfüqlər açan müalicə variantları arasında məqsədyönlü müalicələr və bioloji dərmanları saymaq olar. Yekun olaraq qeyd edək ki, RA oynaqlarda deformasiyalar, eləcə də daxili orqanlar tutulmalarına səbəb olan xroniki iltihablı revmatik xəstəlikdir. Odur ki, erkən diaqnoz, xəstələrin ən erkən mərhələdə revmatoloqa müraciəti və erkən müalicə xəstəliyin irəliləməsinin qarşısını ala bilər və bəzən həyatı xilas edə bilər.
  

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə